İlham Əliyev ilin korrupsioneri elan edildi


azerbaijani-first-family-big-on-banking

Ölkə başçısı mütəşəkkil cinayətkarlıq və korrupsiya üzrə məşhur narkobaronları belə, geridə qoydu

Ölkə başçısı İlham Əliyev mütəşəkkil cinayətkarlıq və korrupsiya üzrə dünyada 2012-ci ilin adamı elan edilib. Bunu Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi beynəlxalq təşkilatı elan edib.

Təşkilat 2012-ci ildə mütəşəkkil cinayətkarlıq və korrupsiya sahəsində fəaliyyətlərilə fərqlənən şəxsləri müəyyən edib və birinci yeri İlham Əliyevə verib.
İlham Əliyev ölkənin telekamunikasiya, faydalı qazıntılar, tikinti və bu kimi başqa gəlirli sahələrinə özünün və ailə üzvlərinin nəzarət etməsinə görə “qalib” olub.

Təşkilat seçimi zamanı İlham Əliyev və ailə üzvlərinin biznes fəaliyyətləri ilə bağlı özünün və Azad Avropa/Azadlıq Radioları Korporasiyasının apardığı araşdırmaları əsas götürüb.
Təşkilatın seçimi ilə bağlı məlumatda qeyd olunur ki, İlham Əliyev ABŞ diplomatlarının yazışmalarından ibarət Wikileaks açıqlamalarında Siciliyanın mafiya rəhbərinə bənzədilib. Əliyevlər ailəsi ölkənin gəlirli sahələrini sistematik şəkildə ələ keçiriblər.

Onlar həmçinin, Çex Respublikası kimi xarici ölkələrdə də gizlincə daşınmaz əmlak və mülklər alıblar.
Mütəşəkkil cinayətkarlıq və korrupsiya üzrə ilin adamı adına İlham Əliyevdən başqa Albaniyadan və Serbiyadan olan narkobaronlar Naser Kelemendi və Darko Saric, Montenegronun baş naziri Milo Djukanovic, Rusiya prezidenti Vladimir Putin, Özbəkistan prezidenti İslam Kərimov  da namizəd olub.